Covid

Covid

Nov. 25, 2020 ,

Covid

Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu  və Ağır Kəskin Tənəffüs Sindromu  kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.

COVID-19 nədir?

COVID-19 - koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayına qeder yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.

COVID-19 virusunun əlamətləri

COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

Virus necə yayılır?

2019nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.

COVID19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. 

COVID-19-a səbəb olan virus hava yolu ilə keçir?

Mövcud elmi məlumatlara əsasən asqırma və ya öskürmə zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla təmas nəticəsində virusun ötürülməsi hava ilə müqayisədə daha əhəmiyyətli faktor hesab edilir. 

Heç bir xəstəlik əlamətləri müşahidə edilməyən insandan COVID-19 virusuna yoluxmaq mümkündür?

Virus əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir. Beləliklə özünü xəstə hiss etməyən və yüngül öskürəyi olan insandan COVID-19 virusunun ötürülməsi riski mövcuddur.

Xəstələnmiş insanın nəcisindən COVID-19 virusuna yoluxmaq mümkündür?

Xəstəliyə yoluxmuş insanın nəcisindən 2019-nCoV  xəstəliyinə tutulma  riski aşağı hesab olunur. İlkin tədqiqatlara əsasən bir sıra hallarda virus nəcisdə aşkarlana bilər lakin hazırda xəstəliyin yayılmasında bu faktor əsas rol oynamır. Bu riski tamamilə sıfıra endirmək də olmaz, bu bir daha  onu təsdiq edir ki, ayaqyolundan istifadə etdikdən sonra və qida qəbul etməzdən əvvəl əllərin müntəzəm olaraq yuyulması vacibdir.

Özümü necə qoruya və xəstəliyin yayılmasının qarşısını necə ala bilərəm?

Hər kəs üçün fərdi qorunma tədbirləri

Aşağıdakı qaydalara riayət etməklə özünüzün və ətrafınızdakı insanların sağlamlığını qoruya bilərsiniz:

Əllərinizi sabunla yuyun və ya müntəzəm olaraq spirt tərkibli təmizləyici istifadə edin!


Öskürən və asqıran insanlarla aranızda ən azı 1 metr məsafə saxlayın!


Mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.

Özünüzün və ətrafınızdakı insanların respirator gigiyena qaydalarına ciddi əməl etməsi mütləqdir. 

Özünüzü pis hiss edirsinizsə, evdə qalın.

COVID19-la bağlı aktual məlumatları izləyin. Mütəxəssislərin, mərkəzi və yerli səhiyyə orqanlarının tövsiyələrini icra edin

Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığından əziyyət çəkirsinizsə, həkimə müraciət etməyə tərəddüd etməyin. 

Xəstəliyi ağır keçirmə riskinə kimlər daxildir? 

Bizim COVID2019 virusu haqqında məlumatımız hələ tam deyil. Müşahidələr onu deməyə əsas verir ki, adətən yaşlı insanlar, həmçinin somatik xəstəlikləri (məsələn, arterial hipertenziya, ürək xəstəliyi və ya diabet) olan şəxslər xəstəliyi daha ağır keçirirlər.

2019nCoV xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklər effektiv vasitədir?

Xeyr. Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. COVID19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir. COVID19-un profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir.

COVID-19 atipik pnevmoniya, Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə eynidir?

Xeyr. COVID-19-un və Şiddətli Kəskin Respirator Sindromunun (SARS) törədiciləri arasında genetik oxşarlıq olsa da  bunlar fərqli viruslardır. SARS-CoV xəstəliyinin ölümlə nəticələnməsi  yüksək olsa da, SARS COVID-19-la müqayisədə daha az yoluxucudur. 2003-cü ildən dünyada SARS-ın heç bir yayılma halı qeydə alınmayıb.

Özümü qorumaq üçün maska taxmalıyam?

Öskürək kimi respirator xəstəlik əlamətləri olmayan insanların tibbi maskalar taxmasına ehtiyac yoxdur. ÜST COVID19 simptomları olan şəxslərlə yanaşı öskürək və yüksək hərarət kimi  simptomları olan şəxslərə qulluq edən insanlara maska taxmağı tövsiyə edir.

Tibb işçilərinin və pasiyentlərə qulluq edən (evdə və ya tibb müəssisəsində) şəxslərin maskalardan istifadəsi mütləqdir.

ÜST qiymətli resursların tükənməsinə və maskaların düzgün istifadə edilməməsinə yol verməmək üçün tibbi maskaların səmərəli istifadəsinin tərəfdarıdır. (Maskalardan istifadə ilə bağlı tövsiyələrə baxın, səhifə 5).

Maskalardan yalnız  respirator xəstəlik əlamətləri (öskürək və ya burun tutulması) olduqda, silinmiş simptomlar fonunda COVID-19 infeksiyasına şübhə yarandıqda və ya COVID-19 infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstərə qulluq etdikdə istifadə edilməlidir. Xəstə virusun qeydə alındığı bölgələrə səfər edibsə və ya həmin bölgələrdən gələn və respirator xəstəlik əlamətləri olan şəxslə sıx təmasda olubsa COVID19 virusuna yoluxma şübhəsi əsaslıdır.

Özünüzün və başqalarının sağlamlığını qorumaq üçün ən effektiv tədbirlər sırasına əllərin tez-tez yuyulması, öskürərkən burun və ağızın dirsək bükümünüzlə və ya salfetlə örtülməsi, öskürən və ya asqıran insanlarla 1 metrdən artıq məsafənin saxlanılması daxildir. Əlavə məlumat üçün “Qorunma tədbirləri” bölməsinə baxın (səhifə 2).

Maskanı necə taxmaq, istifadə etmək, çıxartmaq və utilizasiya etmək lazımdır?

  • Maskadan yalnız xəstələrə qulluq edən tibb işçiləri və şəxslər, həmçinin yüksək hərarət və öskürək kimi respirator xəstəlik əlamətləri olan şəxslər istifadə etməlidirlər.
  • Maskanı götürməzdən əvvəl əllərinizi spirt tərkibli vasitə ilə təmizləyin və ya sabunla yuyun.
  • Cırıqların olmamasına əmin olmaq üçün maskanı diqqətlə yoxlayın.
  • Maskada metal sim var. Sim olan hissəni yuxarı istiqamətdə taxın.
  • Maskanı elə tutun ki, parlaq rəngli tərəfi çölə tərəf baxsın.
  • Maskanı üzünüzə taxın. Metal simi və ya sıxacı burun formasına uyğun əyin.
  • Ağzın və çənənin örtülməsi üçün maskanın aşağı kənarından dartın.
  • İstifadə etdikdən sonra maskanı çıxardın. Maskanın elastik iplərindən tutun. Onu üzünüzə və ya geyiminizə toxundurmayın, çünki istifadə edilmiş maska mikroorqanizmlərlə çirklənə bilər.
  • İstifadə etdikdən sonra maskanı qapalı zibil qutusuna  atın.
  • Maskaya toxunduqdan sonra və ya onu tulladıqdan sonra əllərinizin gigiyenik təmizlənməsini həyata keçirin, əllər vizual olaraq çirkli göründükdə onları sabunla yuyun.

COVID19-un inkubasiya dövrü nə qədər davam edir?

İnkubasiya dövrü - yoluxmadan əvvəl xəstəliyin kliniki əlamətlərinin yaranmasına qədər olan dövrdür. Bir çox hesablamalara görə COVID19 virusunun inkubasiya dövrü 1-14 gün arası davam edir və ən çox hallarda bu dövr təxminən 5 gün təşkil edir.

Səthə düşən virus nə qədər yaşayır?

2019nCoV xəstəliyi səthə düşdükdə nə qədər yaşaması hələ dəqiq müəyyən olunmayıb. Lakin ehtimal olunur ki, bu xüsusiyyətinə görə 2019nCoV, koronovirus ailəsinin digər üzvləri ilə oxşardır. Tədqiqatlar (o cümlədən COVID-19 haqqında ilkin tədqiqatlar) göstərir ki, virus səth üzərində bir neçə saatdan bir neçə günə qədər sağ qala bilir. Virusun konkret yaşama müddəti bir sıra amillərdən (məsələn, səthin növü, havanın temperaturu və nəmişliyi) asılıdır. Əgər hər hansı səthdə virusun olması sizdə şübhə doğurursa mikroorqanizmləri məhv etmək, özünüzü və başqalarını qorumaq üçün səthi dezinfeksiyaedici vasitə ilə təmizləyin. Spirt tərkibli təmizləyicidən istifadə etməyi və ya əllərinizi sabunla yumağı unutmayın. Göz, ağız və ya burnunuza toxunmayın.

Aşağıda sadalanan tədbirlər COVID2019-la mübarizə aparmağa KÖMƏK ETMİR və sizə zərər yetirə bilər:

  • Siqarət çəkmək;
  • Bitki əsaslı xalq təbabəti vasitələrini qəbul etmək;
  • Bir neçə maskanı üst-üstə taxmaq;
  • Özünü müalicə etmək, xüsusi ilə antibiotiklərlə.
  • Sizdə yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı varsa ən qısa müddətdə tibbi yardım üçün müraciət edin.